CƏMİYYƏT
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Rövşən Rzayev 50-dən çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib və qəbula gələnlər əsasən məcburi köçkünlər olub. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.
Onlara bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyeva ən ağır şəraitdə və qəzalı binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Qəbulda olan vətəndaşlara onların qaldırdıqları məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacağı bildirilib.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.