CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) xarici dövlətlərin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına müraciət edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, xarici ölkə vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları qanunvericiliyin tələbinə əsasən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir.
Qeyd edilib ki, bunun üçün əvvəlcə xidmətin rəsmi internet səhifəsinə daxil olaraq “elektron xidmətlər” bölməsi seçilməlidir. Sonra “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” pəncərəsinə daxil olunmalıdır. Daha sonra “Sənəd üzrə məlumatlar” hissəsində müvafiq xanalar doldurulmalıdır.
İkinci addımda şəxsi məlumatlar pəncərəsindəki xanalara aidiyyəti informasiyalar qeyd edilməlidir.
Son mərhələdə isə “müraciət məlumatları” pəncərəsini doldurmaq lazımdır.