Dövlət Proqramının icrası Azərbaycanın polad magistralı qarşısında geniş üfüqlər açmışdır
AzerTAg.az
Bakı, 25 iyun (AZƏRTAC, Ceyhun Rüstəmov). Son illər ölkənin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları bu sahənin inkişafına təkan vermiş, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırmışdır. Bu baxımdan nəqliyyat infrastrukturunun mühüm qollarından biri olan dəmir yolu da öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ölkənin polad magistralı qarşısında geniş üfüqlər açmışdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov ötən dövrdə proqram çərçivəsində görülən işlər, eləcə də tarixi layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi və yaxın perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırmışdır.
- Arif müəllim, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası yekunlaşmaq üzrədir. Proqram çərçivəsində nə kimi işlər görülmüşdür? Əsas hədəflərə çatmaq mümkün olmuşdurmu?
- Son illər ölkənin nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapmışdır. Dövlət Proqramına uyğun olaraq, vaqon və lokomotiv parkının yenilənməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə qurğularının əsaslı təmiri, texniki vasitələrin modernləşdirilməsi və qarşıya qoyulmuş digər mühüm vəzifələrin icrası istiqamətində önəmli addımlar atılır. Dövlət Proqramının əsas hədəfləri Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında xərclərin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətinin təmin edilməsidir.
Dövlət Proqramının icrası tam sürətlə gedir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri başa çatmış və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir. Qeyd edim ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, təmir işləri 2013-cü il dekabrın 10-da Ağstafa-Poylu mənzilində başa çatdırılmışdır.
Saloğlu-Poylu mənzilinin 73-cü kilometrində Kür çayı üzərində ikinci körpünün və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508-ci kilometrində Vəlvələçay üzərindəki dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98-ci kilometrində Araz çayı üzərindəki metal körpünün rekonstruksiyası da proqram çərçivəsində görülən işlər sırasındadır.
Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi gündəmdədir. Bununla bağlı tenderdə podratçı qismində qalib gəlmiş ATEF Şirkətlər Qrupu ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilə imzalanmışdır. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Araşdırmalardan sonra 12 yarımstansiya üçün yer seçilmiş və quraşdırma işlərinə başlanılmışdır. Artıq Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı yarımstansiyalarının tikintisi başa çatdırılmışdır. Hazırda Gəncə-Ucar sahəsi üzrə layihə sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir.
Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işlərinə də start verilmişdir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.
Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sisteminin tam modernləşdirilməsi dörd il ərzində həyata keçiriləcəkdir. Bu məqsədlə elan edilmiş tenderin qalibi olan İsveçin “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I mərhələ) sahəsi üzrə texniki şərtlər hazırlanmışdır. Hazırda layihə üzrə müvafiq işlər aparılır.
Bundan əlavə, dəmir yollarının təmiri üçün Avstriyadan alınmış müasir yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmişdir. “Dəmiryolservis” MMC-nin 24 saylı Salyan rels qaynaqlama qatarının bazasının gücləndirilməsi məqsədilə Ukraynadan yeni qaynaq qurğusu alınmışdır. “KSM-005” markalı bu qurğu həm avtomobil yolu, həm də dəmir yolu üzərində hərəkət edə bilir.
- Dövlət Proqramında nəzərdə tutulan əsas tədbirlərdən biri də lokomotiv və vaqon parkının təmiri və yenilənməsidir. Proqramın bu bəndi necə icra olunur?
- Proqram çərçivəsində indiyədək müxtəlif ölkələrdə əsaslı təmir olunmuş 11 lokomotiv istismara verilmişdir. Bu ilin fevral-mart aylarında isə 5 ədəd “TEM-2” seriyalı teplovoz Vilnüs Lokomotivlərin Təmiri Deposuna göndərilmişdir. Həmin teplovozlardan 2-si artıq əsaslı təmir olunaraq Azərbaycana gətirilmişdir. Bu teplovozlarda kondisioner sistemi, müşahidə kameraları quraşdırılmışdır.
Bu yaxınlarda Ukraynanın Dnepropetrovsk Vaqon Təmiri Zavodunda 60, Rusiya Federasiyasının Voronej şəhərində isə 16 vaqonumuz təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı–Moskva, Bakı-Xarkov və Bakı-Balakən, Bakı-Ağstafa-Qazax istiqamətlərində xəttə buraxılmışdır.
Bundan əlavə, 2014-cü ilin mayında Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumu çərçivəsində imzalanan 11 sənəddən biri də yük lokomotivlərinin alınmasına dair müqavilədir. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Alstom Transport” şirkətinin prezidenti Ann Pupo Lafarq tərəfindən imzalanmış bu müqaviləyə əsasən elektrovozlar 2016-2018-ci illərdə EKZ birgə müəssisəsində istehsal olunacaqdır. Bu sənəd , habelə servis deposunun yaradılmasını, texniki dəstəyin və xidmətin təmin olunmasını da nəzərdə tutur.
Göründüyü kimi, Dövlət Proqramına dair tədbirlər planında dəmir yolunun bütün sahələrinin, o cümlədən vaqon təsərrüfatının dirçəldilməsi üçün hər bir məqam nəzərə alınmışdır.
- Hazırda gündəmdə olan daha bir mühüm məsələ Gəncədə müasir sərnişin vaqonları istehsal edən zavodun tikilməsidir. Bununla bağlı nə kimi yeniliklər var?
- Bu zavodun Gəncə vaqon deposunun bazasında yaradılması nəzərdə tutulmuşdur. İsveçrənin “Stadler Rail Group” şirkəti ilə aparılan danışıqların nəticəsi olaraq yataq və oturacaq tipli sərnişin vaqonlarının istehsalı və onlara texniki xidmət göstərilməsi üzrə müştərək müəssisənin yaradılması planlaşdırılır. Ötən il aprelin 12-də həmin şirkətlə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Artıq zavodun və sexlərin tikinti, layihə-smeta sənədləri, ilk mərhələdə istehsal olunacaq vaqonların dizaynına və texniki şərtlərinə dair layihə sənədləri, fotoşəkillər və albomlar hazırlanmışdır.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu il “Stadler Rail Group” şirkətindən Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunmaq üçün 30 ədəd müasir sərnişin vaqonunun alınması istiqamətində də iş aparılır.
- Regionun nəqliyyat xəritəsini dəyişdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yekunlaşmaq üzrədir. Tikintidəki son vəziyyət barədə nə deyə bilərsiniz?
- Çox önəmli beynəlxalq layihələrdən olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi istər Azərbaycan, Gürcüstan, Türkiyə hökumətlərinin, istərsə də dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Deyə bilərəm ki, işlər qrafik üzrə gedir. Yolun birinci və ikinci mərhələsinin tikintisi yekunlaşmışdır. Hazırda üçüncü mərhələdə işlər davam etdirilir. Eyni zamanda, Gürcüstan və Türkiyə arasındakı 4,3 kilometr uzunluğunda tunelin tikintisi həyata keçirilir. Türkiyə hissəsindəki 2,2 kilometrlik məsafədə işlər artıq başa çatdırılmışdır. Tunelin Gürcüstan hissəsində isə tikinti hələ davam etməkdədir.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisində “Azərbaycan Dəmir Yolları”nın “Dəmiryolservis” Məhdud Məsuliyyətli Cəmiyyəti podratçı təşkilat olduğundan orada işlərin gedişi ilə bağlı tam məlumatlıyıq. Belə ki, hazırda Marabda-Türkiyə sərhəddi (Kartsaxi) sahəsinin Marabda-Axalkalaki ərazisində tikinti, reabilitasiya-rekonstruksiya, Axalkalaki stansiyasında və Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) ərazisində tikinti işləri aparılır. Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarın xəttə buraxılması, 2015-ci ildən isə yolun tam istismara verilməsi planlaşdırılır.
Doğrudan da, bu layihə regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası ilə Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropa və Asiyaya çıxışını təmin edəcəkdir. Həmçinin region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, o cümlədən Azərbaycanın xarici iqtisadi əlaqələrinin daha da genişlənməsinə yol açacaqdır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunu tarixi layihə adlandıraraq demişdir: “Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcəkdir. Onsuz da biz Avropa ilə Asiya arasında olan bir ölkəyik. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq”.
Bu dəmir yolu vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yük daşınacağı gözlənilir.
- Perspektivdə Qars-Gümrü-Naxçıvan dəmir yolunun yaradılması da nəzərdə tutulur. Bu layihənin detalları barədə məlumat verə bilərsinizmi? Ümumiyyətlə, Azərbaycan dəmir yolunu qarşıda daha nə kimi perspektivlər gözləyir?
- Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlər Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlayacaqdır. Bu, strateji əhəmiyyətli layihə olaraq, Naxçıvanla Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir. Azərbaycan hökuməti Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihənin hazırlanması barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq tapşırıq vermişdir. Bununla əlaqədar olaraq, Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılmışdır.
Layihənin detallarına gəlincə, deyə bilərəm ki, Qars şəhərindən Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 kilometr məsafədə yeni dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Həmçinin yolun Naxçıvan hissəsində də təqribən 10 kilometrə yaxın dəmir yolu xətti tikilməlidir. Bu, mövcud dəmir yolu xəttini Sədərəyə qədər uzatmağa imkan verəcəkdir. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasının dəmir yol sistemi də yenidən qurulacaqdır.
Ümumiyyətlə, perspektivlərdən danışarkən deyə bilərəm ki, hazırda Azərbaycan dəmir yollarının 2020-ci ilədək inkişaf konsepsiyası üzərində iş aparılır. Bu konsepsiya ölkəmizin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu sisteminin daha da inkişaf etdirilməsi, əhalinin və iqtisadiyyatın bu nəqliyyatı xidmətinə olan tələbatının ödənilməsi, daşımaların təhlükəsizliyi, infrastrukturun yeniləşdirilməsi, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, tranzit daşımaların həcminin artırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində konkret vəzifələri müəyyənləşdirəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var