İQTİSADİYYAT
ELEKTROENERGETİKA OBYEKTLƏRİ QIŞA HAZIRLANIR
Elektroenergetika sahəsini qarşıdakı qış mövsümünə hazırlamaq məqsədi ilə Mingəçevir SES silsiləsinin və “Azərenerjixüsusitəmirsazlama” Məhdud Məsuliyyətli Cəmiyyətin təmir briqadası Mingəçevir və Varvara Su Elektrik Stansiyalarında bərpa işlərinə başlamışdır.
Respublikamızın baş energetika idarəsi mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Mingəçevir SES-in dörd blokunda profilaktiki işlər başa çatdırılmışdır. Üç nömrəli blokda isə yenidənqurma işləri aparılır. Bu əməliyyat gələn il tamamlanacaqdır.
Məlumatda daha sonra deyilir ki, Varvara SES-in üç nömrəli hidroaqreqatında indi əsaslı təmir işləri aparılır. Onu sentyabr ayının sonunda başa çatdırmaq qərara alınmışdır. Təmirdən sonra blokun gücünü 5,5 MVt-a çatdırmaq nəzərdə tutulur.