İDMAN
“EYOF 2019”: Həndbol yarışlarının birinci günündə iki heç-heçə qeydə alınıb
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, həndbol yarışlarında qadınlar və kişilər mübarizə aparırlar. Həm qadın, həm də kişi həndbolçuların yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qadınların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparırlar. Kişilərin mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yarışırlar.
Gün ərzində həm qadınların, həm də kişilərin yarışlarında dörd oyun keçirilib.
Qadın həndbolçuların yarışında A qrupunda yer alan Hollandiya seçməsi Fransa yığmasını 31:27 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qrupdakı digər komandaların - Rumıniya və İspaniya yığmalarının görüşündə qalib müəyyənləşməyib – 26:26.
B qrupunda Azərbaycan yığması ilk görüşdə İsveçrə seçməsinə 16:34 hesabı ilə uduzub. Digər oyunda isə Macarıstan voleybolçuları çexiyalı rəqiblərinə 30:22 hesabı ilə qalib gəliblər.
Kişilərin yarışında A qrupunda yer alan həndbolçularımız almaniyalı rəqiblərinə uduzublar – 9:45. Danimarka seçməsi isə Serbiyaya qalib gəlib - 29:16.
B qrupunda İslandiya seçməsi Fransanı 37:31 hesabı ilə məğlubiyyətə uğradıb. Xorvatiya-Sloveniya oyunu isə heç-heçə başa çatıb – 24:24.
Festivalın həndbol yarışları Bakı İdman Sarayında və “ABU Arena”da keçirilir.
Həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.