REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri Zaqatalada vətəndaşların müraciətlərini dinləyib VİDEO
Zaqatala, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 19-da Zaqatala şəhərində növbəti qəbul keçirib.
Qəbul barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat yayılıb, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.
Şəhərdəki 2 saylı tam orta məktəbdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan 50-dən artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətləri əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi, hidrometerologiya, geologiya və digər məsələlərlə bağlı olub.
Nazir Hüseyn Bağırov vətəndaşların müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin qısa vaxt ərzində araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.