İQTİSADİYYAT
Eldəniz Əmirov: Azərbaycanda qadın sahibkarlığının inkişafı getdikcə artmaqdadır

Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycanda qadın sahibkarlığının inkişafı və ölkə iqtisadiyyatında rolu getdikcə artmaqdadır. Onun üçün həm ictimai əsaslarla fəaliyyət göstərən təşkilatların, o cümlədən də dövlətin, eləcə də sahibkarların və qadın sahibkarlığının rolu danılmazdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov söyləyib.
Ekspert qeyd edib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası - məhz bu qurum qadın sahibkarlığının inkişafına maksimum dərəcədə dəstək olmağa çalışır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə qadın sahibkarlığının bilavasitə inkişaf etdirilməsi üçün mümkün dəstək vasitələrindən davamlı istifadə edir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarında da qadın sahibkarlığının inkişaf etdirilməsi üçün müəyyən müddəalar öz əksini tapıb. Məsələn, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi var. Milli iqtisadiyyat və milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də məhz qadın sahibkarlığın artırılması istiqamətində müəyyən strateji hədəflər qoyulub.
Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsində qadın sahibkarlığının inkişafının dəstəklənməsi ilə bağlı konkret müddəa əks olunub. Burada qeyd olunur ki, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla qadın sahibkarlığının inkişafına təşviq etmək və bu sahədə zəruri tədbirlər görmək Agentliyin əsas vəzifələrindən biri olaraq müəyyən edilib.
Eyni zamanda, KOBİA-nın sahibkarlığın inkişaf etdirilməsi üçün birbaşa yaradılmış qurum olaraq fəaliyyəti daha çox müşahidə edilir. Məhz bu qurum yanında fəaliyyət göstərən ictimai şuranın üzvləri olur. Məhz Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da ictimai şurada mövqe tutub. Onların fikir və təkliflərini öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlimlər, seminarlar, dəyirmi masalar təşkil olunur.
Həmçinin KOBİA Azərbaycanın regionlarında qadın maliyyə savadlılığının artırılması, maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, biznesi başlamaq və təkmilləşdirmək üçün potensiallarının artırılması və digər istiqamətlərdə fəaliyyətlər həyata keçirir. Müxtəlif qurumlarla, banklarla birlikdə onların maliyyə əlçatanlığının təmin olunması üçün birgə layihələr icra olunur. Bir müddət əvvəl “Biznesdə qadınların gücü” layihəsi həyata keçirildi. Bu tip layihələr çox olur.
Ümumilikdə isə ölkədə 21 faizdən çox qadın sahibkar fəaliyyət göstərir.