Elm Gününün qeyd edilməsi elmin problemlərinin müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır
AzerTAg.az

Bakı, 27 mart, AZƏRTAC
Çağdaş dövrümüzdə elm sürətlə irəliləyir. Dünyada elmin gücü, onun insan həyatındakı rolu günü-gündən artır. IV Sənaye İnqilabı və süni intellekt texnologiyalarının sürətli inkişafı yeni elm sahələri və tədqiqat istiqamətlərinin yaranmasına gətirib çıxarır. Eyni zamanda, bütün dünya alimləri elmin gətirdiyi yeniliklərlə qlobal təhlükələrin qarşısını almağa çalışırlar. Dünyada elm sahəsində baş verən dəyişikliklərə, müasir çağırışlara və innovativ proseslərə adekvat olaraq Azərbaycan elmində də son illərdə kompleks tədbirlər, ciddi islahatlar həyata keçirilir, elm və elmi biliklərin təbliğində fəallıq nümayiş etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova söyləyib.
“Artıq bir neçə ildir ki, martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilib. Martın 27-si, eyni zamanda, ölkəmizin ən böyük elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yarandığı günə təsadüf etdiyi üçün xüsusilə əhəmiyyətli tarix hesab olunur. Elm Gününün qeyd edilməsi bütün ölkə ictimaiyyətinin diqqətinin məhz elm sahəsinə yönəlməsinə, elmin problem və vəzifələrinin yenidən müəyyənləşdirilməsinə, səmərəli əməkdaşlıqların təşkilinə, eləcə də ölkəmizin gələcək inkişafı və alimlərin bu inkişafda rolunun artırılmasına, gənclərin elm sahəsinə cəlb edilməsinə rəvac verir.
Dövlətin bu günü və gələcəyi, hərbi gücü, iqtisadi və siyasi müstəqilliyi birbaşa elmi potensialın inkişafı ilə bağlıdır. Ona görə də Azərbaycanda elmin inkişafı hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Bu baxımdan müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı danılmaz rolunu xatırlatmaq yerinə düşər. Belə ki, Azərbaycanda Elmlər Akademiyasının sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində Azərbaycanda elmin mükəmməl təşkilati strukturu formalaşmış, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter almış, fundamental və tətbiqi elm sahələrinin inkişafında nailiyyətlər əldə edilmişdir.
Ulu Öndər Heydər Əliyevin elm sahəsində yürütdüyü məqsədyönlü, uzaqgörən siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı elmin davamlı və sistemli inkişafının təmini, cəmiyyətin bütün istiqamətlər üzrə inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, eləcə də elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi istiqamətində müvafiq fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilmiş tədbirlər Azərbaycan elminin inkişafına mühüm töhfələr verib.
Dövlətimizin başçısının 2016-ci il 14 iyun tarixli Fərmanına əsasən, Azərbaycanda ilk dəfə olaraq “Elm haqqında” Qanun qüvvəyə minib. Bu Qanunla elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri müəyyənləşdirilib, elmi fəaliyyətlə məşğul olan subyektlərin kоnstitusiya hüquqlarının təmin edilməsi, qоrunması və elm sahəsində mövcud olan münasibətlərin tənzimlənməsinin təşkilati-hüquqi bazasının yaradılması ilə bağlı müvafiq işlər görülüb.
Prezident İlham Əliyevin 2022-ci il iyulun 28-də imzaladığı daha bir mühüm sənəd - “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla isə Azərbaycan elmi tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu Fərman müasir dövrdə Azərbaycanda elmin cəmiyyətdə statusunun müəyyən edilməsi, maliyyələşdirilməsi, eləcə də elm və təhsilin bir-biri ilə daha sürətli inteqrasiyası istiqamətində əhəmiyyətli addım olmaqla yanaşı, həm də beynəlxalq təcrübəyə əsaslanaraq ölkəmizdə elmin inkişafı istiqamətində kompleks islahatların aparılmasını nəzərdə tutub. Sənədə əsasən, AMEA-nın bir sıra müəssisə və təşkilatı Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
AMEA-nın elmi müəssisə və təşkilatlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi Azərbaycanda elm və təhsilin inteqrasiyasını sürətləndirməyi, multidisiplinar tədqiqatları genişləndirməyi, elmi-texniki potensialı qorumaq və inkişaf etdirməyi, dünyanın aparıcı universitetləri, tanınmış elm və təhsil qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağı, o cümlədən bütün sferalarda elm və texnikanın rolunu yüksəltməyi hədəfləyib.
Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bu gün “ağıllı” şəhər və kəndlərin, intellektual sistemlərin, infrastrukturların yaradılması və digər tədbirlərin həyata keçirilməsi ölkə alimlərinin qarşısına da mühüm vəzifələr qoyur. AMEA da dövlətimizin başçısının apardığı genişmiqyaslı islahatların həyata keçirilməsində fəallıq nümayiş etdirir, Azərbaycan elminin yüksələn xətlə inkişafı istiqamətində fəaliyyətini gücləndirir, dünya elminə inteqrasiya üçün alim və ziyalıların birgə fəaliyyətini təmin edir.
“Xatırladaq ki, 27 Mart - Elm Günü ərəfəsində AMEA rəhbərliyinin təşəbbüsü ilə Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə AMEA-nın üzvlərinin bəzi elmmetrik göstəricilərini əks etdirən reytinq cədvəlləri hazırlanıb. Cədvəllərdə FRTEB üzrə AMEA-nın üzvlərinin “Google Scholar”da Hirş indeksləri və həmin alimlərin əsərlərinə “Google Scholar”da istinadların sayı təqdim olunub, reytinq siyahısında Akademiyanın 36 üzvünün adı yer alıb. Bu da Azərbaycanda elmi əsərlərə edilən istinadlara və yüksək indeksli jurnallarda dərc olunmuş məqalələrə marağın daha da artdığını göstərir, elmi qurumların çoxmeyarlı qiymətləndirilməsi və alimlərin fərdi olaraq, müxtəlif parametrlər üzrə elmi reytinqinin tərtib edilməsinə, onların fəaliyyətinin obyektiv qiymətləndirilməsinə imkan yaradır.
Elm Günü münasibətilə Azərbaycan cəmiyyətinin yüksək intellektual potensiala malik olan bir ölkə kimi formalaşdırılması və ölkəmizin qabaqcıl biliklər əsasında inkişafı yolunda dayanmadan çalışan, səfərbər olan alimlərimizi, ziyalılarımızı təbrik edir, bu şərəfli yolda onlara yeni nailiyyətlər arzu edirik”, - deyə Nərgiz Qəhrəmanova fikrini yekunlaşdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var