İQTİSADİYYAT
Enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq səviyyəsini noyabrda “Azərenerji”nin xüsusi komissiyası qiymətləndirəcək
Bakı, 15 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) işlər Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəhbəri Yahya Babanlı məlumat verib.
Bildirilib ki, ASC-nin elektrik stansiyalarında, yarımstansiyalarda, elektrik verilişi xətlərində 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı yenidənqurma, əsaslı, orta və cari təmir işlərinin aparılmasına dair kompleks tədbirlər planının icrası davam etdirilir. Bunlar Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində icrası nəzərdə tutulan elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi kimi prioritet tədbirlərin tərkib hissəsidir.
Bu ilin ötən dövrü ərzində “Mingəçevir” Su Elektrik Stansiyasında (SES) 330 kV-lik açıq paylayıcı qurğu və “Varvara” SES yenidən qurulub, 1,5 MVt-lik “Balakən” və 1,6 MVt-lik “İsmayıllı-2” kiçik SES-ləri istismara verilib.
“Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) və “Şirvan” İES-in enerji bloklarında əsaslı təmir, ”Sumqayıt” Elektrik Stansiyasınin (ES) və ”Cənub” ES-in buxar-qaz avadanlıqlarının planlı təftişi aparılıb, profilaktik baxışlar keçirilib. 405 MVt-lik “Şimal-1” ES-in buxar-qaz turbin avadanlıqlarında təftiş keçirilməsi nəzərdə tutulub. 110-500 kV-lik yarımstansiyalarda təsdiq olunmuş təmir cədvəlinə əsasən, avadanlıqların əsaslı və cari təmir işləri yerinə yetirilib, 93 ədəd transformator, 314 ədəd eleqaz açarı, 268 ədəd vakuum açarı əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqları yenilənib, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri davam etdirilir.
Avadanlıqlarda çatışmazlıqları müəyyənləşdirib aradan qaldırmaq üçün 130 ədəd transformator və avtotransformatorda, 377 ədəd müxtəlif tipli açarlarda, 741 ədəd boşaldıcıda, 489 ədəd gərginlik və cərəyan transformatorlarında profilaktik sınaq-yoxlama işləri aparılıb. 500 kV-lik “Abşeron” yarımstansiyasında 3 saylı avtotransformatorun yeni tikilmiş 10 kV-lik qapalı paylayıcı qurğusu istismara verilib.
Bundan əlavə, 110-500 kV-lik elektrik verilişi xətləri üzrə 525,7 kilometrdən artıq hava xətti əsaslı təmir edilib. 220 kV-lik ikidövrəli “Şimal” ES - “Zabrat” yarımstansiyası və “Şimal” ES - “Hövsan” yarımstansiyası hava xətlərinin tikinti işləri başa çatdırılmaq üzrədir.
Enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq səviyyəsi noyabr ayında “Azərenerji” ASC-nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək.
“Azərenerji” ASC-nin elektrik stansiyalarının 2017/2018-ci il payız-qış mövsümündə imkan gücü 5470 MVt, pik vaxtlarında tələbat isə 3700 MVt proqnozlaşdırılır.