SİYASƏT
Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi region üçün ən təhlükəli həddə çatıb
Ağdam, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli telekanallara müsahibəsində bir sıra məqamlara toxunub. Dövlət başçısının müsahibəsindəki yeni və fərqli nüanslara beynəlxalq vasitəçilərin, eləcə də dünyanın müxtəlif məkanlarında baş verən müharibələrdə özünü sülhün carçısı hesab edənlərin daha ciddi baxmasına indi hər zamankından daha çox ehtiyac var.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov AZƏRTAC-a açıqlamasında deyib.
Təşkilatın sədri bildirib ki, bu gün Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi region üçün ən təhlükəli həddə çatıb. Prezident müsahibədə qəti olaraq bildirib ki, ermənilər öz çirkin planlarından əl çəkməsələr nəticələr ağır olacaq: “Ermənistan təcavüzkar dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı olan nifrəti bax, bu çirkin siyasətdə də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
Artıq məlumdur ki, Tovuzda aldığı ağır zərbədən sonra təcavüzkar davranışlarından əl çəkmək istəmir. Cəbhə bölgəsində müxtəlif diversiya xarakterli təxribatlara cəhd göstərir. İşğal olunmuş bölgələrdə hərbi qüvvələrini artırmaqla yanaşı, atəşkəs rejimini mütəmadi olaraq pozur. Çox qəribədir ki, bütün bunlar vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrlərinin gözlərinin önündə baş versə də, sanki həmsədrlər bu hadisələrdən xəbərsizdirlər. Burada bir məqamı diqqətə çatdırmaq lazımdır ki, bir zamanlar Ermənistanın hazırkı hökuməti üçün Azərbaycan Prezidentinə xahişə gələnlər indi yəqin ki, Ermənistanın düşdüyü ağır sosial-iqtisadi vəziyyəti görüb müharibə ritorikasının Paşinyanın hakimiyyətdə qalması üçün yeganə vasitə olduğunu fikirləşirlər. Həm də onlar münaqişənin ədalətli həllində maraqlı deyillər. Əks halda, işğalçı Ermənistan bu dərəcədə həyasızlıq etməzdi.
Yerli telekanallara son müsahibəsində Prezident İlham Əliyev Ermənistan hakimiyyətinə və xalqına mesajını çox açıq şəkildə çatdırdı. “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bundan sonra Ermənistan vətəndaşı Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağını düşünməli və Qarabağın işğaldan azad edilməsini öz dövlət rəhbərlərindən tələb etməlidir. Əks halda, “Qordi düyünü”nə çevrilmiş Qarabağ probleminin bir həll yolu var, müharibə. Bu müharibəni isə Ali Baş Komandanın ətrafında sıx birləşmiş Azərbaycan xalqı qazanacaq. Bunu Tovuz hadisələrindən sonra vətəndaşların həmrəylik yürüşü, eləcə də son günlərdə hərbi təlimlərə cəlb edilən hərbi mükəlləfiyyətlilərin çağırış məntəqələrinə bir nəfər kimi yollanması bir daha sübut edir.