REGİONLAR
Etilen-polietilen zavodunun istismar müddəti azı 20 il uzadılacaq
Sumqayıt, 13 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində modernizasiya layihəsinin əsas məqsədindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji ilə təmin etməkdir. İstehsal məqsədi ilə istifadə edilən xammal isə zavoda SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz olunur. Beləliklə, Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin mühüm birləşdirici həlqəsini təşkil edir.
AZƏRTAC xəbər verir ki, Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin icrası nəticəsində müəssisənin istismar müddəti ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaq.
Layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan orta hesabla 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub ki, onların da 94 faizini yerli mütəxəssislər təşkil edir.
Layihəyə dünyanın 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.