CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti taxıl sahələrində seminar-müşavirələr keçirib VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Cəlilabad və Biləsuvar rayonlarındakı taxıl sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirələr keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirələrdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Cəlilabad və Biləsuvar rayon icra hakimiyyətlərinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, “Aqrolizinq” MMC-nin, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, habelə həmin rayonların inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.
Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirələrdə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, göstərilən mövzuda silsilə xarakterli tədbirlər digər rayonlarda da keçirilir.