MƏDƏNİYYƏT
“FORTEPİANO ŞAİRİ”
FƏRHAD BƏDƏLBƏYLİ HAQQINDA MİNİATÜR KİTAB BELƏ ADLANIR
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Miniatür Kitab Muzeyində Azərbaycan və SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhəd Bədəlbəylinin 60 illik yubileyi ilə əlaqədar tanınmış sənətkarın yaradıcılıq portretini əks etdirən “Fortepiano şairi” miniatür kitabın təqdimat mərasimi keçirilmişdir.
Təqdimatda musiqi xadimləri, xarici ölkələrin səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Ulduz” nəşriyyatında nəfis şəkildə çap edilmiş 185 səhifəlik bu miniatür kitabda yubilyarın ömrünün müxtəlif mərhələlərini əks etdirən geniş məlumatlar və rəngli fotoşəkillər verilmişdir.
Muzeyin direktoru, Respublika “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova yubilyarın həyat və yaradıcılığı barədə məlumat verərək bildirmişdir ki, Fərhad Bədəlbəyli 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycanın xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində doğulmuşdur. 1965-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1969-1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. Natiq Fərhad Bədəlbəylinin bir musiqiçi kimi B.Smetana adına (keçmiş Çexoslovakiya, 1967-ci il, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Viana da Mota adına (Portuqaliya, 1968, I mükafat) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlarından sonra məşhurlaşdığını söyləmişdir.
Kitabın redaktoru, Musiqi Akademiyasının professoru Tərlan Seyidov F.Bədəlbəylinin hər zaman fəal yaradıcılıqla məşğul olduğunu bildirmişdir. O qeyd etmişdir ki, pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, İsveçrə, Yuqoslaviya, Yaponiya və başqa ölkələri əhatə etmişdir. Natiq Yer kürəsinin nəhəng salonlarında öz adını, sənətini təsdiq etdirmiş F.Bədəlbəylini dünya şöhrətli Azərbaycan oğlu kimi qiymətləndirmişdir.
Digər çıxış edənlər musiqi təşkilatçılığı işinin, maarifçiliyin Fərhad Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsi olduğunu bildirmişlər. Onun1986-1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin birinci müavini olduğu və öz təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaratdığı da vurğulanmışdır. 1995-ci ildən o, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvüdür. F.Bədəlbəyli 1971-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. Onun təşəbbüsü ilə Konservatoriya 1991-ci ildən Bakı Musiqi Akademiyasına çevrilmişdir. Görkəmli pianoçu hazırda bu musiqi ocağının rektorudur.
Sonda Fərhad Bədəlbəyli təşkilatçılara və qonaqlara minnətdarlığını bildirmişdir.