ELM VƏ TƏHSİL
FRANSADA MÜSƏLMAN QIZLARA MƏKTƏBƏ BAŞ ÖRTÜYÜNDƏ GƏLMƏK QADAĞAN EDİLƏCƏK
AZƏRTAC-ın müxbirinin Parisdən verdiyi xəbərə görə, Fransanın təhsil naziri Lük Ferri bildirmişdir ki, yeni dərs ilindən müsəlman qızlara məktəbə baş örtüyündə gəlmək qanunla qadağan olunacaqdır. O demişdir ki, hökumət gözə çarpan dini rəmzlərlə məktəbə gəlməklə bağlı qanun layihəsini fevralda parlamentə təqdim edəcəkdir. Onun sözlərinə görə, layihə çox qısa – cəmi bir-iki maddədən ibarət olacaqdır.
Bu günlərdə Prezident Jak Şirak radio və televiziya ilə bütün ölkəyə birbaşa yayımlanmış çıxışında bildirmişdir ki, Fransa Respublikasının əsas prinsiplərindən birini – cəmiyyətin dünyəvi xarakterini qorumaq üçün təcili tədbirlər görmək lazımdır. Bununla əlaqədar o, gözəçarpan dini rəmzlərlə, eləcə də hicabla məktəbə gəlməyin qanunvericiliklə qadağan edilməsinə tərəfdar olduğunu söyləmişdir.