CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub
Bakı, 18 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi Akademiyanın nümayəndə heyəti Ukrayna Respublikasının Xarkov şəhərində işgüzar səfərdə olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində FHN Akademiyasının nümayəndə heyəti Ukrayna Respublikasının Milli Mülki Müdafiə və Xarkov Milli Radioelektronika universitetlərində, Ukrayna Respublikası Milli Texniki Universitetinin Xarkov Politexnik İnstitutunda bir sıra görüşlər keçirib, ali təhsil ocaqlarının fəaliyyəti ilə tanış olub. Görüşlər zamanı elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, xüsusilə böhran psixologiyası ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev Ukrayna Respublikasının Milli Mülki Müdafiə Universitetinin rektoru general-leytenant Vladimir Sadkovoy tərəfindən əməkdaşlıq çərçivəsində Universitetin 90 illik yubiley medalı ilə təltif edilib.