DÜNYA
Fransa Yaponiyaya birgə hərbi təlimlərin təşkilinə dair şərtləri yenidən nəzərdən keçirməyi təklif edib
Tokio, 6 dekabr, AZƏRTAC
Fransa hökuməti Yaponiyaya müntəzəm birgə hərbi təlimlərin keçirilməsinə dair razılaşmanın imzalanması üçün müzakirələrin yenidən aparılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 6-da “Sankei Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, burada söhbət birgə təlimlər üçün hərbçilərin, müvafiq silah-sursatın gətirilməsindən, yanacaqla təchizatdan, məxfi informasiya mübadiləsindən və digər texniki dəstəkdən gedir.
Qeyd edək ki, hazırda Yaponiya ABŞ ilə yanaşı, Avstraliya, Böyük Britaniya və Hindistanla belə müqavilələr imzalayıb.
Xatırladaq ki, cari ilin mayında Kyuşü adasında ABŞ, Fransa və Yaponiya silahlı qüvvələrinin üçtərəfli təlimləri keçirilib. Həmin təlimlər zamanı hərbi gəmilərdən desant çıxarılması məşqləri təşkil olunub. Bu təlimlər zamanı, həmçinin ABŞ, Fransa və Yaponiyanın elit bölmələrinin iştirakı ilə dağlıq şəraitdə birgə fəaliyyət təlimləri də keçirilib. Təxminən 220 nəfər xüsusi təyinatlının qatıldığı təlimlərdə Şərqi Çin dənizində yerləşən və Yaponiyanın nəzarətində olan uzaq adalara desant çıxarılması üzrə məşqlər həyata keçirilib. Bu təlimlərdə paralel şəkildə üç ölkənin gəmiləri Şərqi Çin dənizində məşq keçiblər. Həmin təlimlərə Avstraliya hərbi-dəniz qüvvələrinin freqat gəmisi də qatılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio