DÜNYA
Fransada son sutkada koronavirusdan 51 ölüm faktı qeydə alınıb
Paris, 3 avqust, AZƏRTAC
Fransada COVID-19 virusunun “Delta” ştamının yayılması ilə sanitar vəziyyət daha da gərginləşib. Son sutkada xəstəxanalara daxil olan virus xəstələrinin sayı artıb. Xəstəxanalardakı 7840 virus xəstəsindən 688-i son 24 saatda daxil olub. Reanimasiya şöbələrində intensiv müalicə alan virus xəstələrinin sayı 1232-yə çatıb. Son sutkada reanimasiya şöbələrinə 170 yeni ağır xəstə daxil olub.
AZƏRTAC xəbər verir ki, bu haqda Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, ötən sutka 51 ölüm faktı qeydə alınıb. Son üç gündə orta hesabla gündəlik 21 min 794 yoluxma qeyd alınıb. Ölkədə virus qurbanlarının ümumi sayı 111 min 200-ə çatıb. Bu günə qədər xəstəxanalarda 392 min 55 virus xəstəsi sağalıb. Epidemiya başlayandan PCR testi ilə 6 milyon 151 min 803 yoluxma qeydə alınıb.
Fransanın dənizaşırı ərazi, region və departamentində yenidən karantin rejimi, komendant saatı bərpa edilib. Mövcud sanitar vəziyyətlə bağlı məhdudiyyətlər tətbiq olunub. Bir çox şəhərlərdə maska geyinmək yenidən məcburi xarakter daşıyır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris