CƏMİYYƏT
Gecə işləyən adamlarda onkoloji xəstəliklərin inkişaf riski artır
Bakı, 13 avqust, AZƏRTAC
Ostində Texas Universitetinin alimləri bildiriblər ki, gecə vaxtı işləmək sağalmaz xəstəliklərin yaranmasına səbəb ola bilər.
AZƏRTAC “informing.ru” saytına istinadla xəbər verir ki, alimlər sutkanın gecə vaxtını işləyən adamlarda bioritmin pozulmasını və bunun nəticəsində orqanizmin öz gücünü tam bərpa etməməsini sübut ediblər. Hətta gündüz vaxtı ən uzunmüddətli yuxu belə gecə oyaq qalmağın pis təsirini neytrallaşdıra bilmir. Mütəxəssislər bildirirlər ki, gündüz yuxusu orqanizmin yorğunluğunu aradan qaldırmır. Bioritmlərin pozulması orqanizmi yeni rejimə keçməyə məcbur edir. Bu, fizioloji proseslərin pozulmasına şərait yaradır ki, nəticədə hormonların yaranması dayanır.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, gecə işləyən insanlarda onkoloji xəstəliklərin inkişaf riski artır. Onlarda maddələr mübadiləsi problemi yarana bilər və ürək-damar sistemi xəstəlikləri inkişaf edə bilər. Alimlər bildirirlər ki, həmçinin gecə növbələri müxtəlif psixoloji problemlərə, o cümlədən depressiyaya şərait yarada bilər.