İQTİSADİYYAT
Gələn il Azərbaycanın sığorta sektoru üçün yeni müsbət rekordlar ili olacaq
Bakı, 23 dekabr, AZƏRTAC
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev deyib.
“Bildiyimiz kimi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Strategiyaya əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilib. 2021-ci ildə böyümə 16 faiz həcmində qeydə alındı. Hesab edirəm ki, 2022-ci ilin ümumi cari illik nəticələri açıqlanarkən böyümənin yenə 10 faizi ötəcəyini müşahidə edə bilərik. Qeyd etdiyim kimi, yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir. 2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır”, - deyə İcraçı direktor qeyd edib.