İQTİSADİYYAT
Gələn il Berlin, Moskva, Dubaya və Çinə ixrac missiyaları təşkil olunacaq YENİLƏNİB VİDEO
Bakı, 18 dekabr, AZƏRTAC
Gələn ilin fevralında Berlin, Moskva və Dubay şəhərlərinə, mayda isə Çinə ixrac missiyaları təşkil ediləcək. Berlinə təşkil olunacaq ixrac missiyasında 10 şirkət vahid ölkə stendi ilə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay və Səudiyyə Ərəbistanının Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən dekabrın 3-7-də Dubay şəhərinə və dekabrın 6-8-də Ciddə şəhərinə təşkil edilən ixrac missiyaları barədə məlumat verən Y.Abdullayev qeyd edib ki, Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.
Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "VOP Dubai"ə də qatılıblar. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
Diqqətə çatdırılıb ki, ixrac missiyası çərçivəsində keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya" və "Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" trading şirkəti ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal" şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya", "Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın "Azprotein" şirkəti BƏƏ-nin "Al-Tayeb" pərakəndə və topdansatış distribüter şirkəti və "Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.
Bildirilib ki, Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər. İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distribüterlik məsələləri müzakirə olunub.
Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərəfli görüşlər zamanı Azərbaycanın "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distribüter şirkətləri ilə danışıqlara başlayıblar. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distribüter şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır. İxrac missiyaları çərçivəsində missiya iştirakçıları, həmçinin bazar və iri marketlər şəbəkələrində olublar.
Tədbirdə "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.