CƏMİYYƏT
Gəmiçilik Qurban bayramı ilə əlaqədar məcburi köçkün ailələrinə sovqat paylayıb
Bakı, 21 avqust, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin nümayəndələri Qurban bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkib.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 min 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bayram sovqatı düyü, şəkər tozu, çay, un, yağ və digər ərzaq məhsullarından ibarət olub.
Bayram sovqatı ünvanlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına və “AXDG” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirib, bayram arzularını çatdırıblar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldığı dövrdən şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də ailəsində şəhid olan işçilərə maddi yardım göstərilməsini, onların sosial təminatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.