İQTİSADİYYAT
Gəmiçiliyin Təlim Tədris Mərkəzində dənizçilər üçün onlayn kurslar keçirilir
Bakı, 10 iyul, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində (TTM) onlayn kurs keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, koronavirus səbəbindən tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursunun nəzəri hissəsi onlayn təşkil olunub.
İyulun 8-10-da baş tutan kursu TTM-in baş təlimatçısı Cavanşir Rəcəbli aparıb. Kursda ASCO-nun həm Xəzər Dəniz Neft Donanması, həm Dəniz Nəqliyyat Donanmasının dənizçiləri iştirak ediblər. Dərslər Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun tərtib edilmiş və Dövlət Dəniz Agentliyi tərəfindən təsdiq olunmuş proqram üzrə aparılıb.
Mütəmadi olaraq keçiriləcək kursların praktiki hissəsi və yekun imtahanların verilməsi xüsusi karantin rejimi bitdikdən sonra baş tutacaq. Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək.