ELM VƏ TƏHSİL
Gənc alimlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Mərasimi şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq 20 Yanvar faciəsinin milli təfəkkürün inkişafında, eləcə də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsindəki rolundan danışıb. Bildirib ki, Azərbaycanın istiqlaliyyətə gedən yolunun qarşısını almaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridilib, 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Famin Salmanov həmin gecə elmimizin parlaq nümayəndələrindən sayılan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədovanın şəhid olduğunu, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədovanın isə ağır yaralandığını xatırladıb.
Famil Salmanov ümummilli lider Heydər Əliyevin böyük cəsarət göstərərək faciədən dərhal sonra ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdiyini və törədilmiş qırğını sərt tənqid etdiyini bildirib. O, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini vurğulayıb.
Famin Salmanov xalqımızın dövlət müstəqilliyi uğrunda şəhid olanların xatirəsini hər zaman əziz tutduğunu və xaricdə keçirdikləri tədbirlərdə hadisələrlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdıqlarını bildirib.
Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, Qafqazşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Qasım Hacıyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun GAMŞ sədri, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxış edərək 20 Yanvar qırğınını doğuran səbəblər, faciədən çıxarılmalı olan nəticələr haqqında fikirlərini bölüşüblər.