REGİONLAR


Gəncənin xan nəsli - Ziyadxanovlar sülaləsi VİDEO

“Tarixi şəxsiyyətlər”

Gəncə, 24 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncənin həyatında mühüm rol oynamış sülalələrdən biri Ziyadoğlular xanədanıdır. Qacar elinin oymaqlarından biri olan Ziyadlıların bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olduğu dövrdə Gəncə ziyadlıları Ziyadoğlular kimi tanınıblar. Böyük tarixi yol keçən və Gəncənin tarixində əhəmiyyətli rol oynayan Ziyadoğlular sülaləsinin ən parlaq nümayəndəsi rus işğalına sonadək müqavimət göstərən Cavad Xan Ziyadoğludur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gəncənin tarixi Ziyadoğlular nəsli barədə danışarkən “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov deyib.

O bildirib ki, Səfəvi hökmdarı I Şah İsmayılın dövründən başlayaraq Qarabağ bəylərbəyliyinə Qacar elinin Ziyadoğlu oymağının nümayəndələri başçılıq edirdilər. Bu bəylərbəylik rəsmən mərkəzi dövlətə tabe hesab edilsə də, əslində, yarımmüstəqil vəziyyətdə olub, bir növ dövlət daxilində dövlət idi. Səfəvi dövlətinin sütunlarından sayılan türklər bu ərazilərin köklü sakinlərindən sayılırdılar.

“Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Atası Şahverdi xan Gəncənin xanı, anası Şərəf Cahan bəyim isə əsil-nəcabətli köklü bir nəslin qızı olmuşdur. Cavad xanın üç oğlu (Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan) və dörd qızı (Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim) var idi. Cavad xan 1804-cü il ruslar Gəncəni işğal edərkən qəhrəmancasına həlak olub. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da şəhid olub. İşğaldan sonra Gəncə Rusiyanın himayəsinə keçib və xanlıq ləğv edilib”, - deyə M.Həsənov bildirib.

O, Ziyadoğlular şəcərəsinin nümayəndələrinin tarixən Gəncənin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib: “Ziyadoğlular işğaldan bir müddət keçdikdən sonra Ziyadxanov soyadını alıblar. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri sırasında təmsil olunan böyük nəsillərdən biri də Ziyadxanovlar olub. Onların sırasında demokratik hökumətdə yüksək vəzifə tutmuş Adil xan və İsmayıl xan Ziyadxanovlar da var. İsmayıl xan Cümhuriyyətdə mühüm vəzifələrdə çalışıb. Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində işləyib. 1906-cı ildə Yelizavetpol quberniyasının 1-ci Dövlət Dumasının deputatı seçilib. Adil xan Ziyadxanov isə Tiflis klassik gimnaziyasını və Moskva Universitetinin hüquq fakültəsini bitirib. AXC hökuməti qurulduqdan sonra Adil Ziyadxanov xarici işlər nazirinin müavini təyin edilib”.

Bu gün də Ziyadxanovlar nəsli davam edir. Cavad xanın doğma nəticəsi, İsmayıl xan Ziyadxanovun nəvəsi Valid xan Ziyatlının 84 yaşı var, Bakı şəhərində yaşayır. “Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidentidir. Kiçik nəvəsi Cavad xan Ziyadxanov ulu babası Cavad xanın adını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.