ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutunun elmi nəticələri “Science” jurnalında dərc olunub
Bakı, 7 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayevin beynəlxalq tərəfdaşlarla uzun illər ərzində üzüm bitkisinin təkamülü üzrə birgə aparılan tədqiqat işinin nəticələri dünyanın ən məşhur “Science” jurnalında (impakt faktor- 63.714) dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə jurnalın 2023-cü il 3 mart tarixli nömrəsində işıq üzü görüb. Tədqiqat müddətində müxtəlif ölkələrdə ayrı-ayrı ərazilərdən toplanılan 3525 mədəni və yabanı üzümün tam genomunun sekvenslənməsi həyata keçirilib, dərin bioinformatik və biostatistik analizlərlə üzüm bitkisinin ikili mədəniləşmə və mənşə mərkəzinə malik olduğu müəyyən edilib. Tədqiqatçılar tərəfindən ən müasir cihaz və metodikalardan istifadə olunmaqla, analizlərlə sübut edilib ki, üzüm bitkisi 11 min il əvvəl Qərbi Asiya və Qafqazda mədəniləşdirilib, süfrəlik və şərablıq sort və formaları yaradılıb və daha sonra bu təcrübə Avropaya keçib. Genom boyu asossiativ xəritələşdirmə metodu ilə üzümün bir sıra əlamətlərini idarə edən genlər və minlərlə tək nukleotid polimorfizmləri identifikasiya olunub, eləcə də əldə edilmiş mükəmməl elmi nəticələr üzüm bitkisi üzrə genom seleksiyası istiqamətində gələcək tədqiqatlar üçün elmi-nəzəri və praktik cəhətdən geniş imkanlar yaradıb. Elmi tədqiqatın nəticəsinin əhəmiyyətliliyi nəzərə alınaraq “Science” jurnalının cari nömrəsinin üz səhifəsində üzüm bitkisinin şəkilləri verilib.