MƏDƏNİYYƏT


Günay Əfəndiyeva İtaliyanın analitik xəbər portalına müsahibə verib

Bakı, 16 iyul, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İtaliyanın nüfuzlu, mədəniyyət və sosial məsələlər üzrə analitik xəbər agentliyi olan “Lo Spessore”ya dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı müsahibə verib.

AZƏRTAC xəbər verir ki, portalın əməkdaşı, jurnalist Domeniko Letizia yazının əvvəlində Azərbaycan haqqında məlumat verib. O, 2021-ci ilin Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi İli” elan olunduğunu bildirib. Qeyd edib ki, dünyaca məşhur şairin ölkədə və dünyada silsilə yubiley tədbirləri keçirilməkdədir. Domeniko Letizia yazıda şairin yaradıcılığının təbliği üçün bu vaxta qədər dövlət səviyyəsində görülən işlərdən də bəhs edib.

Domeniko Letizia Nizami Gəncəvi yaradıcılığının müasir dövrdə yeni nəsillər üzərində təsir gücünü anlamaq üçün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan müsahibə götürdüklərini yazıb.

Günay Əfəndiyeva jurnalistin Nizami Gəncəvi ədəbi irsi, onun multikultural dəyərlər baxımından önəmi, müasir oxucu üçün Nizami yaradıcılığının əhəmiyyəti və müxtəlif incəsənət sahələrinin inkişafına təsiri haqqında suallarını cavablandırıb.

Fondun prezidenti müsahibəsində Nizami Gəncəvinin yaradıcılığının ədəbi və coğrafi sərhədlərə sığmadığını vurğulayıb. O, Höte, Erix From, Lui Araqon kimi məşhur avropalı alim və ədəbiyyatşünasların dahi Azərbaycan şairi və mütəfəkkirinin yaradıcılığını yüksək qiymətləndirdiklərini bildirib. Jurnalistin Nizami yaradıcılığında multikultural dəyərlərlə bağlı sualına cavabında Fondun prezidenti dahi şairin öz dövrünü 800-900 il qabaqladığını qeyd edib. Bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairi olduğu qədər bəşəri şairdir. “Yeddi Gözəl” poemasından misallar gətirən Günay Əfəndiyeva şairin bütün millətləri eyni dərəcədə sevməyi aşıladığını bildirib. O qeyd edib ki, dahi şairin “Xəmsə”si bütövlükdə humanizm və miltikulturalizm konsepsiyasıdır. Fondun prezidenti Nizami Gəncəvinin özündən sonra böyük bir ədəbi məktəb yaratdığını diqqətə çatdırıb. Günay Əfəndiyeva Nizami yaradıcılığının həm öz dövründə, həm də müasir dövrdə müxtəlif sənət sahələrinin – klassik musiqinin, rəssamlığın, miniatür sənətinin inkişafına böyük töhfə verdiyini də bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.