DÜNYA
Gürcüstan Hindistan istehsalı olan peyvənd almaq niyyətindədir
Tbilisi, 4 mart, AZƏRTAC
“Gürcüstan hökuməti ölkədə koronavirusa mübarizə çərçivəsində Hindistan peyvəndi almaq niyyətindədir. Çox güman ki, biz yaxın zamanlarda Hindistan vaksinini əldə edəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.
Bildirib ki, bununla belə, başqa ölkələrdən peyvənd alınması ilə bağlı Çin və Qərblə danışıqlar davam edir.
Onun sözlərinə görə, vaksinin ən iri istehsalçılarından biri Hindistandır və peyvəndi bu ölkədən almaq üçün böyük şans var. Təəssüflər olsun ki, Avropa ölkələri bizimlə bölüşmək üçün kifayət qədər vaksin əldə edə bilmirlər.
P.İmnadze qeyd edib ki, dünya bazarında vaksin defisiti yaranıb və istehsalçılar tələbatı ödəmək üçün istehsalı genişləndirə bilməyiblər.
Qeyd edək ki, Gürcüstan ABŞ-ın “Novavax” vaksinini idxal etməklə bağlı da danışıqlar aparır. Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib ki, bu ilin iyun ayında Gürcüstan bu peyvəndi bir milyon doza həcmində tədarük edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi