DÜNYA
Gürcüstanda parlament seçkiləri və gözləntilər
Tbilisi, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilir. Bu seçkilərdən gözləntilər nədir və onların əvvəlkilərdən fərqi nədən ibarətdir?
İlk növbədə, qeyd edək ki, Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək. Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat isə majoritar qaydada seçilirdi. Siyasi partiyalar üçün əvvəlki qanunda nəzərdə tutulmuş 5 faizlik hədd isə 1 faizə endirilib. Builki seçkilər ölkədə, əsasən, proporsional sistem üzrə keçirilən ilk parlament seçkiləri olacaq.
Maraq kəsb edən ikinci məsələ hansı partiyanın qalib gələcəyi və hökumətin formlaşdırılmasıdır.
Hazırda hakimiyyətdə olan “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası artıq səkkiz ildir ölkəni idarə edir. Əgər partiya bu seçkilərdə də qələbə qazansa, ölkədə ardıcıl olaraq üçüncü dəfə seçilən ilk iqtidar partiyası olacaq. Amma budəfəki seçkilərdə “Gürcü arzusu”nun hökuməti təkbaşına formalaşdıracağı ehtimalı azdır. Ona görə də böyük ehtimalla seçkilərdən sonra koalisiya hökuməti qurulacaq.
Qeyd etdiyimiz kimi, vacib məsələlərdən biri bu seçkilərdə minimal həddin 1 faiz təşkil etməsidir. Yəni, seçicilərin 1 faizinin dəstəyini alan partiya parlamentdə deputat mandatı qazanacaq.
Bu seçkiləri əvvəlkilərdən fərqləndirən digər məsələ isə onların koronavirus pandemiyası dövründə keçirilməsidir. Hazırda ölkədə gündəlik yoluxma sayı 2 minə yaxındır. Hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində bütün seçki məntəqələri maska ilə təmin olunub, iki metrlik məsafə gözlənilir və əllərin mütləq şəkildə dezinfeksiya olunmasına nəzarət edilir. Seçki məntəqələrində dezinfeksiya işləri aparılıb.
Sual doğuran maraqlı məsələlərdən biri də seçkilərdən sonra kimin hökumət formalaşdırmaq hüququnun olmasıdır.
Yeni qanuna əsasən, proporsional seçkilərdə ən azı 40,5 faiz səs toplayan partiya hökumət formalaşdıra biləcək. Əgər partiyanın nəticəsi daha az olarsa, majoritar dairələrdə qələbə qazanmış olsa belə təkbaşına hökumət qura bilməyəcək. Amma 40,5 faiz səs hökumət qurmaq üçün lazım olan çoxluq demək deyil. Bu, sadəcə, 48 yer deməkdir, hökuməti təsdiqləmək üçün 150 deputatın əksəriyyətinin – 76-nın dəstəyi lazımdır. Yəni, 40,5 faizlik həddi keçən partiyaya hökumət formalaşdırmaq üçün əlavə 28 yer lazımdır. Partiya ya majoritar dairələrdən 28 yer qazanmalıdır, ya da istənilən digər partiya ilə koalisiya qurmaq haqqında düşünməlidir.
Məlumdur ki, bu seçkilərdə 48 siyasi partiya və iki seçki bloku iştirak edir. Bu günədək keçirilən rəy sorğularına əsasən “Gürcü arzusu” iqtidar partiyası proporsional seçkilərdə daha çox səs qazanacaq. Maraqlıdır ki, iqtidar partiyasının sədri Bidzina İvanişvili bu seçkilərdə iştirak etmir. Siyahıda birinci yerdə indiki Baş Nazir Giorgi Qaxariyanın adı gəlir.
Partiyanın siyahısında 2 azərbaycanlı da yer alıb.
Seçkilərdə ən çox səs toplayacaq ikinci partiya əsas müxalifət hesab olunan “Vahid Milli Hərəkat” partiyasıdır.
İqtidar partiyasının lazımi səsləri toplamayacağı halda, koalisiya hökuməti müxalifət partiyalarının iştirakı ilə reallaşacaq.
Maraqlı faktlardan biri də odur ki, artıq müxalifət düşərgəsində kimin Baş Nazir olacağı məsələsi kəskin dayanıb. Müxalifət düşərgəsində Baş Nazir vəzifəsində Mixeil Saakaşvilinin və Giorgi Vaşadzenin namizədliyi irəli sürülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi