İQTİSADİYYAT


“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək

Bakı, 21 yanvar, AZƏRTAC 

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib. Yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır. Bu dəyişiklik vətəndaşlara agent banklar tərəfindən veriləcək kreditin məbləğini və müddətini öncədən müəyyən edərək mənzil seçimini, onun əldə edilməsini rahatlaşdıracaq.

Daha bir yenilik mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılmasıdır. Belə ki, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif olunacaq.

Digər bir yenilik MİDA tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.

“Güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.