REGİONLAR
Hacıqabulda əhalinin 96,2 faizi tibbi müayinədən keçirilib
Rayon sakinləri humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər
Hacıqabul, 11 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda əhalinin pulsuz tibbi-profilaktik müayinəsi başa çatmaq üzrədir. Aksiya başlayandan - fevralın 12-dən bu günə kimi 51 min 529 nəfər rayon sakini tibbi müayinədən keçirilib ki, bu da 18 yaşından yuxarı əhalinin 96,2 faizini təşkil edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, humanitar aksiya rayon üzrə 53 min 512 nəfərdən çox əhalini əhatə edir. Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələrində müayinələrin mütəşəkkil keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.
Artıq 31 yaşayış məntəqəsindən 30-da müayinələr başa çatdırılıb.
Müayinələr zamanı xəstəlik aşkarlanan 2170 nəfər ambulator, 302 nəfər stasionar müalicəyə cəlb olunub. 58 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 93 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış klinikalara göndərilib.
Rayon sakinləri humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.