DÜNYA
Hakimiyyət dəyişikliyindən sonra Braziliyanı ixtişaşlar dalğası bürüyüb
Bakı, 1 sentyabr, AZƏRTAC
Hakimiyyət dəyişikliyindən sonra Braziliyanın şəhərlərində Dilma Rousseffin həm tərəfdarları, həm də əleyhdarları tərəfindən çoxsaylı etiraz aksiyaları təşkil olunub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, San-Paulu şəhərində Dilma Rousseffin impiçmenti əleyhinə keçirilən nümayişin iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Qanun keşikçiləri keçmiş prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb. Buna cavab olaraq etirazçılar polisin üzərinə daşlar, yandırıcı maddələrlə dolu şüşələr və hətta əldəqayırma bombalar yağdırmağa başlayıb.
Nümayiş iştirakçıları banklardan birinin ofisini dağıdıb, bundan sonra yolu zibil kisələri ilə bağlayaraq onlara od vurub.
Xatırladaq ki, avqustun 31-də Braziliya parlamentinin yuxarı palatası dövlət başçısını istefaya göndərib. İmpiçment prosesi bir zamanlar Rousseffin rəhbərlik etdiyi ən iri neft kompaniyasında miqyaslı maliyyə fırıldağının üstü açılandan sonra başlayıb. O, həmçinin iki il əvvəl prezident postuna ikinci müddətə seçildiyi zaman ölkənin həqiqi büdcə kəsirini gizlətməkdə ittiham olunur.
Bəzi ölkələrin liderləri Rousseffin impiçmentini dövlət çevrilişi hesab edirlər. Artıq Venesuela, Boliviya və Ekvador öz səfirlərini Braziliyadan geri çağırıb.
Dilma Russeff isə mübarizəni sonadək davam etdirəcəyini bildirərək deyib: ”Biz qayıdacağıq”.