REGİONLAR
“Haqqın 44 günü” tamaşası rayonlarda nümayiş olunacaq VİDEO
Lənkəran, 11 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının kollektivi martın 10-da - Milli Teatr Günündə yeni tamaşasını təqdim edib. “Haqqın 44 günü” adlı tamaşa Vətən müharibəsində qazanılan böyük Zəfərdən bəhs edir. Səhnə əsəri “Şuşa İli” çərçivəsində digər bölgələrdə də nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, teatrın baş rejissoru Anar Babalının quruluş verdiyi “Haqqın 44 günü” tamaşasında xalqımızın igid oğullarının Vətən sevgisi, şücaəti əks olunur. Səhnə əsərində müzəffər Ordumuzun əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı 44 günə düşmən tapdağından xilas etməsinin sevinci canlandırılır.
Tamaşada əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər. Böyük maraqla izlənilən tamaşa teatrsevərlərdə kövrək duyğular, eyni zamanda, qürur hissi yaradıb.
Tamaşaçı Münasib Nuriyev təəssüratlarını bölüşərək deyib: “Bu gün Lənkəran Dövlət Dram Teatrının hazırladığı “Haqqın 44 günü” tamaşasına baxdım. Tamaşa xalqımızın illərdən bəri gözlədiyi və həsrətində olduğu qələbədən bəhs edir. Səhnə əsəri hər bir tamaşaçının alqışı ilə qarşılandı. Bir daha həmin günləri xatırladıq”.
Lənkəran Dövlət Dram Teatrının yaradıcı truppası “Haqqın 44 günü” tamaşasını bir neçə gün əvvəl Salyan və Neftçala teatrsevərlərinə təqdim ediblər. Tamaşanın “Şuşa İli” çərçivəsində respublikamızın digər bölgələrində də nümayişi nəzərdə tutulub.
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov deyib: “Tamaşanı aprel ayında Biləsuvarda təqdim etməyi nəzərdə tutmuşuq. Martın 8-də Salyan və Neftçalada teatrsevərlərin qarşısında çıxış etdik. Biz bu tamaşa ilə 30-40 rayonda qastrol səfərdə olacağıq. Vətənpərvər gəncliyimiz üçün bu tamaşanın çox mühüm əhəmiyyəti var”.
“Haqqın 44 günü” tamaşasının quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.