DÜNYA
Heiko Maas: İran ətrafındakı böhranın getdikcə dərinləşməsi təhlükəli xarakter almağa başlayıb
Tehran, 9 sentyabr, AZƏRTAC
İran ətrafındakı böhranın getdikcə dərinləşməsi təhlükəli xarakter almağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın Xarici İşlər naziri Heiko Maas deyib.
O bildirib ki, indi hamı məsuliyyətini artırmalıdır. Əks təqdirdə dünya böyük təhlükə qarşısında qalacaq. Nazir onu da vurğulayıb ki, Avropa təkbaşına bu böhranın öhdəsindən gələ bilməz.
H.Massın bu bəyanatını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) Baş direktoru vəzifəsini icra edən Kornel Ferutsenin Tehrana səfərindən sonra səsləndirməsi onu deməyə əsas verir ki, Tehranda keçirilən görüşlərdə razılıq əldə edilməyib. K.Ferutse Tehranda İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Nəzərə çatdıraq bu kimi görüşlərdən sonra adətən mətbuat konfransı keçirilir və nəticələr haqqında ictimaiyyətə məlumat verilir. Lakin gözlənilən mətbuat konfransı olmadı. Sadəcə olaraq BAEA saytında K.Ferutsenin İran səfəri barədə məlumat yayıldı. Məlumatda isə nəzərə çatdırıldı ki, BAEA ilə rəsmi Tehran arasında əməkdaşlıq davam edəcək. Bu faktın özü də görüşlər zamanı fikir ayrılığının olduğunu göstərir.
Nəzərə çatdıraq ki, rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K.Ferutsenin Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.
İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa dövlətləri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər.
K.Furutsenin İran rəhbərlərini razı sala və yenidən danışıqlara başlamağın zəruriliyinə inandırmalı idi. Görünən odur ki, K. Furutse məqsədinə nail olmayıb. İran öz mövqeyindən bir addım da olsun geri çəkilmək fikrində deyil.
Almaniyanın Xarici İşlər nazirini də narahat edən odur ki, nə İran, nə də ABŞ güzəştə getmək istəmirlər. Avropa isə təkbaşına bu problemi həll etmək iqtidarında deyil. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə zaman göstərəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran