CƏMİYYƏT
Həkim-mütəxəssis: Körpələrdə hərarətin bir qədər yüksəlməsi hansısa xəstəliyin əlaməti olmaya bilər
Bakı, 15 oktyabr, AZƏRTAC
Yüksək hərarət bədənin hansısa infeksiyaya reaksiyasıdır. Yenidoğulmuş körpələrdə qızdırma, adətən, bədənin dehidrasiyası və ya körpənin istiyə həddindən artıq məruz qalmasına görə baş verir. İdman hərəkətləri etmək, isti duş qəbulu, isti hava və hətta isti yemək və maye sağlam uşağın bədən temperaturunu yüksəldə bilər. Valideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi hansısa xəstəliyin əlaməti olmaya da bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə həkim-pediatr Elşad Şixəliyev valideynlərə tövsiyələr verib.
Həkim-mütəxəssis bildirib ki, xəstəliyin digər əlamətlərinin olmaması fonunda bir yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək yüksəlməsi normal hesab edilir: "Əlbəttə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri kəskin respirator virus infeksiyası (KRVİ), qrip, angina və s. xəstəliklərdir. Temperaturun yüksəlməsi orqanizmin infeksiyaya qarşı təbii reaksiyasıdır. Bədən hərarətinin yüksəlməsi iştahanın azalmasına, uşağın az hərəkət etməsinə səbəb olur. Bu isə xəstəliyə qarşı mübarizədə vacib olan bədən enerjisinə qənaət etməyə imkan verir. Ona görə də, temperaturun müəyyən səviyyəyə qədər yüksəlməsi, bədənə nəinki ziyan vurmur, əksinə, xəstəliyə qalib gəlmək üçün orqanizmə kömək edir. Lakin hərarətin çox yüksəlməsi, təbii ki, uşaq orqanizmi üçün olduqca təhlükəlidir".
E.Şixəliyev uşaqların temperaturu yüksəldikdə valideynlərin görməli olduğu tədbirlər barədə danışıb: "Valideynlər uşağın geyiminə diqqət etməlidirlər. Bədən temperaturu 38,5 dərəcəyə qədər qalxıbsa, uşağın üst geyimlərini çıxarmaq lazımdır. Sutka boyu maye qəbuluna diqqət etmək, uşağın bol miqdarda su və sulu qidalar qəbul etməsini təmin etmək vacibdir. Valideynlərə məsləhət görürük ki, uşağın olduğu otağın istiliyini 21-22 dərəcə arasında saxlasınlar. Həmçinin bədən hərarəti yüksələndə ilıq duş qəbulu da faydalıdır. Uşağı 29-32 dərəcə ilıq su ilə çimizdirmək və ya yaş bezlə kompres etmək lazımdır. Hərarət salan həblər vermək məsləhət deyil. Görülmüş tədbirlərə baxmayaraq qızdırma getdikcə qalxarsa, yalnız həkim məsləhəti ilə uşaqlara hərarətsalıcı həblər vermək mümkündür".