İQTİSADİYYAT
Hər bir dövlətin enerji təhlükəsizliyində dayanıqlı elektrik sistemi mühüm rol oynayır
Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan dayanıqlı elektrik sistemi də özünəməxsus rol oynayır. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinə xüsusi diqqət yetirib, bu sahədə misilsiz quruculuq işləri görülüb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də “Azərenerji” ASC-də Energetiklərin peşə bayramı gününə həsr olunan tədbirdə çıxış edən səhmdar cəmiyyətin prezidenti Etibar Pirverdiyev Azərbaycanın elektrik enerjisi sistemində baş verən tərəqqidən və əldə edilən nailiyyətlərdən danışdı.
Ölkəmizin elektrik enerjisi sisteminin keçdiyi inkişaf yolundan bəhs edən “Azərenerji” ASC-nin prezidenti bildirdi ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilib və beləliklə də, enerji sisteminin real imkanları iki dəfədən çox artırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda enerji sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işləri milli enerji sisteminin yeni inkişaf mərhələsi kimi dəyərləndirən E.Pirverdiyev dedi: “2003-2014-cü illərdə Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2000 MVt-dən çox olan yeni elektrik stansiyaları istismara verilib, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, 1500-dək yarımstansiya inşa edilib və ya yenidən qurulub. Dövlətimizin başçısı Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını qarşıya əsas məqsədlərdən biri kimi qoyub. Bu istiqamətdə həyata keçirilən siyasətin strateji məqsədlərindən biri də dünya təsərrüfat sisteminə ölkəmizin maraqlarının gözlənilməsi şərti ilə inteqrasiyanın təmin olunmasıdır. Hazırda elektrik enerjisi sistemində də bu məqsədlə müvafiq işlər davam etdirilir.
Həyata keçirilməkdə olan layihələr barədə məlumat verən “Azərenerji” ASC-nin prezidenti qeyd etdi ki, “Şimal” elektrik stansiyasında 409 MVt-lıq II enerji blokunun, Lerik və Yardımlı rayonlarının dayanıqlı enerji təchizatı layihəsi üzrə 16,5 MVt-lıq elektrik stansiyasının tikintisi, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidən qurulması başa çatmaq üzrədir. Bununla da 2014-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində əlavə 600 meqavata yaxın güc əldə ediləcək. Həmçinin “Balakən-1” kiçik su elektrik stansiyasında tamamlanma işləri aparılır və onun cari ilin sonunda istifadəyə verilməsi gözlənilir. Ümumiyyətlə, kiçik su elektrik stansiyalarının tikintisi üzrə işlər müəyyən edilmiş qrafikə uyğun aparılır. Onların mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.
Müasir dünyada enerji təhlükəsizliyinin önəmini vurğulayan energetika naziri Natiq Əliyev məhz ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanın bu vəzifənin öhdəsindən bacarıqla gəldiyini diqqətə çatdırdı. “Azərbaycanda energetikanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Energetikanın yeni inkişaf mərhələsi isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır”, - deyən nazir dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin uğurla həyata keçirilməsindən, Azərbaycanın reallaşdırdığı regional və beynəlxalq enerji layihələrindən danışdı.
Prezident İlham Əliyev peşə bayramları ərəfəsində bir qrup energetikin “Tərəqqi” medalı ilə təltif edilməsi və “Əməkdar Mühəndis” fəxri adına layiq görülməsi barədə sərəncamlar imzalayıb. Tədbir iştirakçıları energetiklərin əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda bu il yüksək bal toplayaraq ali məktəblərin energetika fakültələrinə qəbul olunmuş tələbələr mükafatlandırıldı.
Tədbirdə “Azərenerji” ASC-nin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul edildi.
Sonra tədbir iştirakçılarının “Sumqayıt” elektrik stansiyasına və Sumqayıt Texnologiyalar Parkına səfəri təşkil olundu.