İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatı müzakirə olunub
Bakı, 24 aprel, AZƏRTAC
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş iki nəzarət tədbiri üzrə auditor hesabatı və palatanın rəyi müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, auditor hesabatı büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və idarəetməyə verilməsinin təhlilinə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata dair məsələləri əhatə edib.
Kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının rəyi barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması və Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata dair Hesablama Palatasının rəyinin Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiqlənib.