ORDU
Heydər Əliyev irsini öyrənirik
Bakı, 29 yanvar, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi planına əsasən Maddi-Texniki Təminat Baş İdarəsində “Heydər Əliyev irsini öyrənirik” mövzusunda nümunəvi məşğələ keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Sonra idarənin zabiti, polkovnik İslam Gəncəliyev çıxış edərək bildirib ki, müdafiə nazirinin müavini, general-mayor Qorxmaz Qarayevin müvafiq əmri ilə qurumun tabeliyindəki hərbi hissə və bölmələrdə Azərbaycan xalqının Ümummilli Liderinin siyasi fəaliyyətini, onun mənalı ömür yolunu şəxsi heyətə geniş təbliğ etmək məqsədilə “Heydər Əliyev irsini öyrənirik” mövzusunda ictimai-siyasi məşğələlər təşkil olunur. Diqqətə çatdırılıb ki, bu məşğələlərin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin Vətənimiz qarşısında misilsiz xidmətlərini hərbi qulluqçularımıza təbliğ etmək, dahi şəxsiyyətin siyasi irsini dərindən öyrənməkdir.
İ.Gəncəliyev müasir Azərbaycan dövlətçiliyinin yaradılmasında və Milli Ordumuzun formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq Ulu Öndərin mənalı ömür yolunun Silahlı Qüvvələrin şəxsi heyəti üçün ən layiqli örnək olduğunu vurğulayıb.
Sonda dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.