İQTİSADİYYAT


Hikmət Babaoğlu: Çevik tənzimləmələr qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul edilməlidir

Bakı, 1 avqust, AZƏRTAC 

Milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir. Qloballaşan dünyada iqtisadi münasibətlər bu və ya digər formada qarşılıqlı inteqrasiya etmiş olur və belə olduqda milli iqtisadiyyat kimi səciyyələndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal proseslərdən asılı vəziyyətə düşür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, bu, hazırkı beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən birdir. Azərbaycan iqtisadiyyatı da hazırkı inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasda olan iqtisadiyyatdır və onun idarə olunması çevik və effektiv idarəetmə tələb edir. Nəqliyyat sektorunda hansısa məsələlərin, yükdaşımaların, yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını tələb edir. Yəni, əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını, yaxud hətta onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə, mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnologiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda, qlobal bazardakı iqtisadi şərtlər mütləq milli sektora da təsir edir. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır.

Hikmət Babaoğlu bildirib ki, hazırda da belə bir vəziyyətlə üzləşilib və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiyac yaranıb və Tarif Şurası da bunu edib. Əslində hamıya bəlli faktdır ki, Azərbaycan dövləti daim sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir. Bunun nəticəsidir ki, hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı səviyyədədir. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil. Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.