CƏMİYYƏT
“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazası yaradılır
Bakı, 17 avqust, AZƏRTAC
Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi valideyn himayəsindən məhrum uşaqların sosial müəssisələrdə deyil, ailələrdə böyüməsinə və ailə mühitində inkişafına şərait yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu fikir həmin modelin tətbiqinə hazırlıq işləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci il fevralın 15-də imzaladığı Fərmana əsasən himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləməsi və dövlət nəzarəti bu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Nazirlik, həmçinin sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görəcək. Həmin müəssisələrdə olan uşaqlarla əlaqədar fərdi inkişaf planları da hazırlanacaq.
İclasda himayədar ailə institutunun tətbiqinə hazırlıqla bağlı normativ hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi işləri müzakirə olunub.