MƏDƏNİYYƏT
ICESCO Beynəlxalq Muzeylər Günü münasibətilə mətbuat üçün açıqlama yayıb
Qahirə, 18 may, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) bu gün qeyd edilən Beynəlxalq Muzeylər Günündə postpandemiya dövründə muzeylərin və muzey işçilərinin gələcəyi ilə bağlı tədqiqatların aparılmasına dair yeni təşəbbüslə çıxış edib.
Təşkilatın baş qərargahından AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə əlaqədar muzeylərin fəaliyyətində yaranmış durğunluq yaranmış reallıqda kreativ təşəbbüslərin irəli sürülməsini zəruri edir. Mədəniyyət müəssisələrinin, o cümlədən muzeylərin fəaliyyətini canlandırmaq məqsədilə ICESCO-nun həyata keçirdiyi Rəqəmsal Ev və Distant Mədəniyyət təşəbbüsləri bu sahəyə töhfə olub. Təşkilat, həmçinin üzv ölkələrin muzeyləri və mədəni irsi ilə tanışlığı ehtiva edən Rəqəmsal Muzey proqramını reallaşdırır. Bundan başqa, muzeylərin idarə olunması üzrə İslam dünyası irsinin interaktiv portalında treninqlərə start verilib.
ICESCO İslam irsinin qorunması, bərpası və təbliği məqsədilə yaratdığı İrs Mərkəzi çərçivəsində muzeylər bölməsi də təsis edib. Təşkilatın əsas məqsədi üzv ölkələrin muzeylərinə texniki yardım göstərilməsi, onların əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasıdır. Hazırda İslam İncəsənəti Muzeyləri Şəbəkəsinin də istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir. Bu şəbəkə üzv ölkələrin muzey işi sahəsində dünyanın digər ölkələrinin muzeyləri ilə daha sıx əməkdaşlığını da təmin edəcək.
Təşkilat pandemiya dövründə daha ağır vəziyyətə düşmüş muzeylərə maliyyə yardımı proqramı çərçivəsində 1 milyon dollar məbləğində vəsait ayırıb. Həmin vəsaiti əldə etmək üçün üzv ölkələrin 20 muzeyi müraciət edib. Onların arasında Beyrutda partlayış, Sudanda sel fəlakəti nəticəsində zərər görmüş muzeylər də var.
ICESCO-nun mətbuat üçün açıqlamasının sonunda deyilir: “Pandemiyadan sonra muzeylərin fəaliyyətinin canlandırılması məqsədilə təşkilat muzeylərin fəaliyyətinin gələcəyi ilə bağlı geniş tədqiqatlar aparacaq. Muzey işçilərinin təklif və mülahizələr də nəzərə alınmaqla, müasir texnologiyanın nailiyyətləri daha fəal şəkildə tətbiq ediləcək”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə