SİYASƏT
İMİŞLİ RAYONUNUN AĞSAQQALLARI, MÜHARİBƏ, ƏMƏK VƏ SİLAHLI QÜVVƏLƏR VETERANLARI DAĞIDICI MÜXALİFƏTİN NALAYİQ HƏRƏKƏTLƏRİNİN QARŞISININ ALINMASINI TƏLƏB EDİRLƏR
Toplantı iştirakçıları qeyri-insani mövqe tutan müxalifətin çox böyük səhv etdiyini vurğulamış, bu cür çirkin oyunlara qoşulan, səhifələrində dövlətimizin başçısı haqqında etik normalara sığmayan ifadələr işlədən, ölkə Prezidentinin, onun xalqımız qarşısındakı misilsiz xidmətlərinə kölgə salmağa çalışan qəzetlər barədə ciddi tədbirlər görməsini tələb etmişlər. Toplantıda bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir:
Azərbaycanın müstəqilliyini təmin etmiş, onu bir dövlət kimi dünyada tanıtmış, ölkənin dağılmaqda olan iqtisadiyyatını inkişaf yoluna çıxarmış dahi bir şəxsiyyətin ünvanına xalq yolunda əlini ağdan qaraya vurmayanlar, özlərini siyasətçi adlandırsalar da, burunlarının ucundan uzağı görməyən müxalifətin bir sıra nümayəndələri tərəfindən hazırlanan məkrli yazılar bizi hiddətləndirmişdir. Biz, rayon ağsaqqalları möhtərəm Prezidentimiz Heydər Əliyevin 34 il Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü nəhəng işlərin canlı şahidləriyik. Bütün bunları danmaq saxtakarlığa yol vermək və tarixi inkar etmək deməkdir. Dövlətimizin rəmzi olan Prezidentimizin, xalqın ağsaqqalı və ümummilli lideri barədə qəzet səhifələrində nalayiq ifadələr işlətmək adət-ənənələrimizə, milli əxlaqımıza zərbə vurmaq deməkdir.
Biz, İmişli rayonunun ağsaqqalları və veteranları özlərini müxalifət adlandıran bir qrup adamın iyrənc çıxışlarını və yazılarını qətiyyətlə pisləyir, əlaqədar orqanları xalqı aldadaraq ölkəmizdə ictimai rəyi çaşdırmağa, sabitliyi pozmağa yönəlmiş hərəkətlərin qarşısını almağa çağırır və “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” qəzetlərinin bağlanmasını tələb edirik.
Qarşıdan prezident seçkiləri gəlir. Bütün Azərbaycan xalqı kimi, İmişli rayonunun ağsaqqalları və veteranları da Heydər Əliyevin namizədliyini dəstəkləyir və onun yenidən Prezident seçilməsini istəyirlər. Çünki hamı Vətənimizin inkişafını, balalarımızın xoşbəxtliyini dünya şöhrətli Prezidentimizin adı ilə bağlayır, onun respublikamızda yaratdığı sabitlikdə və əmin-amanlıqda görür.
İmişli rayonunun Ağsaqqalar, Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları şuralarının üzvləri adından:
Paşa Cəfərov Nizam İmanov Nəriman Hüseynov
Əsəd Əhədov Pəhlivan Hüseynov Abbas Əhmədov
Xalıq Əmirov Ağaş Ağakişiyev Məcid Bayramov
Yusif Nəzirov Novruz Əzimov Sadıq Zülfüqarov
Məhərrəm Əliyev Mirbaba Həsənov