DÜNYA
İQLİM DƏYİŞMƏLƏRİ MEYVƏLƏRİN KEYFİYYƏTİNƏ TƏSİR GÖSTƏRİR
Bakı, 13 aprel (AZƏRTAC). Portuqaliya alimlərinin fikrincə, qlobal iqlim dəyişmələri meyvələrin təkcə yetişməsinə deyil, həm də keyfiyyətinə təsir göstərir.
Qışın gecikməsi və yağışlar mövsümünün vaxtının dəyişməsi nəticəsində bu cənub ölkəsində bağ məhsullarının adət edilmiş tamı dəyişir.
Apreldə Portuqaliyada gilasın yığılması mövsümü başlayır. Portuqaliyalıların turş və yabanı bitki adlandırdıqları albalıdan fərqli olaraq, burada gilasın yetişməsini səbirsizliklə gözləyirlər. Gilas tədarükündə ixtisaslaşan “SerFundau” şirkətindən bildirmişlər ki, bu il şirin gilas, çox güman may ayında piştaxtalarda görünməyə başlayacaqdır.
Kaştelu-Branku Ali Kənd Təsərrüfatı Məktəbinin müəllimi Lurdeş Karvalyu bildirmişdir ki, həmin fenomen baharın gecikməsi ilə izah olunur. O əmindir ki, söhbət istisna haldan deyil, təbii meyildən gedir.
25 ildir ki, iqlim dəyişmələrini öyrənən Lurdeş Karvalyunun gəldiyi qənaətə görə, son on ildə illin fəsillərinin dəyişməsi gecikir. Təbii ki, bu, kənd təsərrüfatı silsiləsinə öz təsirini göstərir. Artıq payız çox vaxt dekabra qədər davam edir, sonra isə soyuq və isti havalar bir-birini əvəzləyir. Qış yağışları isə yazda və hətta iyunda yağır.
Nəticədə təkcə məhsul yığımının vaxtı deyil, həm də meyvələrin keyfiyyəti dəyişir. Istehlakçı gilasın heç də adət etdiyi kimi bərk və şirin olmadığını görür.
Havaların dəyişkən keçməsi digər meyvələrə də təsir göstərir. Alma bağları artıq ölkənin cənubunda deyil, sərin və rütubətli iqlimi olan şimalda yaxşı yetişir. Bəzi meyvələr, məsələn, şaftalı və üzüm indiki iqlim şəraitinə daha yaxşı uyğunlaşmışdır. Bu, portuqaliyalıları çox sevindirir, çünki əsasən daxili bazarda satılan gilas, alma və armuddan fərqli olaraq, Portuqaliya şərabının şöhrəti ta qədimlərdən bütün dünyaya yayılmışdır.