CƏMİYYƏT
İSİM-nin nümayəndələri Bişkekdə qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə keçirilən tədbirdə iştirak edib
Bakı, 24 iyun, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində piylənməyə nəzarət, qidalanma, qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası siyasəti üzrə dialoqun genişləndirilməsi və bu istiqamətdə görülən tədbirlərin analizinin aparılması məsələləri ilə bağlı tədbir keçirilib.
AZƏRTAC İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri, səhiyyə və tibb işçiləri, ictimai səhiyyə mütəxəssisləri və ekspertlər iştirak edib. İSİM-nin Monitorinq və analiz şöbəsinin müdiri İnara Makayeva, İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi, QİX üzrə proqram rəhbəri Elturan İsmayılov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri – Ceyran Abdullayeva və Zülfiyyə Kazımzadə tədbirdə iştirak edib.
Mövcud problemləri nəzərə alaraq keçirilən seminarın əsas məqsədi iştirakçıları regionun müxtəlif ölkələrində qeyri-infeksion xəstəliklərlə mübarizədə aparılan analizlərin nəticələri ilə tanış etmək, yaradılan metod və konsepsiyaları təqdim edərək praktiki biliklər öyrətmək, real şərtlər əsasında onlardan istifadə qaydalarını göstərmək, eyni zamanda Azərbaycan, Qırğızıstan və Özbəkistan respublikalarının nümayəndələri ilə layihələrin növbəti mərhələlərini müzakirə etmək idi.
Seminarda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olunub, iştirakçı ölkələrin hesabatları dinlənilib və fəaliyyətlərin daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.