SİYASƏT


İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi

İstanbul, 19 sentyabr, AZƏRTAC 

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli paradda nümayiş olunan hərbi güc Azərbaycanın və Türkiyənin ortaq sərvətidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək bildirib. O deyib ki, 1918-ci ildə Qafqaz İslam Ordusunun yaranması barədə tarixi qərar və onunla bağlı bütün nailiyyətlər bugünkü uğurlarımızın əsasını təşkil edir. Nuru paşa və silahdaşlarının hörmətlə xatırlanması tarixin bütün dövrlərində xalqlarımızın varlığı və birliyi, təhlükəsizliyi, yaşaması və yaratması naminə çalışan, vuruşan, xidmət edən, şəhid olan bütün insanlarımızın xatirəsinə göstərilən ehtiramın təcəssümüdür.

Bakının qurtuluşunun 100 illiyi münasibətilə Azərbaycanda keçirilən tədbirlərdə iştirak etmək, o cümlədən paradı izləmək üçün Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə 12 nəfərlik heyətin ölkəmizdə səfərdə olduğunu qeyd edən İbrahim Öztək əminliklə deyib ki, Azərbaycanın ərazi bütövlüyü naminə Türkiyə tərəfindən hər an mübarizəyə qoşulmaq istəyənlərin sayı yüz minlərlədir. “Qarabağsız Azərbaycan, Azərbaycansız Türkiyə yoxdur!” ifadəsi ilə fikirlərini davam etdirən professor deyib: “Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da paradda iştirak və çıxış etməsi bu tarixə olan dəyərin göstəricisidir. Azərbaycanda nizami ordunun qurulması, yüksək hərbi texnika və silahlarla təchiz olunması, peşəkar əsgəri gücün təmin edilməsi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyanın təzahürüdür. Parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Bundan başqa, paradın mütəşəkkilliyi Azərbaycanın müdafiə qüdrətinin yüksək səviyyədə olduğunu dünya ictimaiyyətinə, o cümlədən təcavüzkar düşmənə aydın göstərdi. İndi Ermənistanın bir çarəsi var: işğaldan, əsassız iddialardan əl çəkmək və bütün qonşuları ilə normal yaşamaq yoluna gəlmək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.