İQTİSADİYYAT
İçməli sudan qanunsuz istifadəyə və israfçılığa qarşı tədbirlər davam etdirilir
Bakı, 26 avqust, AZƏRTAC
İçməli sudan qeyri-qanuni istifadəyə və israfçılığa qarşı tədbirlər davam etdirilir.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.
Sabunçu qəsəbəsindəki “Aylin” uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt texniki şərt almadan su xəttinə qanunsuz qoşulub. Qəsəbə ərazisində yerləşən təndir, dönər satışı obyektlərində və kafedə də içməli sudan qeyri-qanuni istifadə olunduğu aşkarlanıb. Yeni Ramana yaşayış massivində ağac və dekorativ güllərin satıldığı obyektdə də suyun talanması halına rast gəlinib. Burada qanunsuz çəkilən su xətti vasitəsilə suvarma işləri aparılır. Yeni Ramanada eyni ünvanda fəaliyyət göstərən ferma və internet klubun su təchizatı özbaşına çəkilən qanunsuz xətt vasitəsilə aparılır.
Aşkarlanan qeyri-qanuni su xətləri ləğv edilib, akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir. İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilən və sayğacdankənar xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 5373 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 400 min kubmetr həcmində sərfiyyat bərpa edilib. Cari ilin yanvar-iyul aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.