REGİONLAR
İdman yarışlarında uğur qazanmış naftalanlı gənclər və onların məşqçi-müəllimləri mükafatlandırılıb
Naftalan, 1 fevral, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin və YAP Naftalan Şəhər Təşkilatının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov əlamətdar gün münasibətilə gəncləri təbrik edib, onlara Azərbaycanın daha da inkişafı naminə uğurlar arzulayıb. Rövşən İbrahimov əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-gənclər siyasətindən və hazırda Azərbaycan gəncliyinin bütün sahələrdə qazandığı uğurlardan danışıb.
Bildirilib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Onlar siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Gənclər və İdman İdarəsinin rəis əvəzi Elman Şərəfxanov və Yeni Azərbaycan Partiyası Naftalan Şəhər Təşkilatının sədri Hatəm Qocayev gəncləri təbrik edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətindən, gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal iştirakından danışıblar.
Sonra idman yarışlarında uğur qazanmış bir qrup gənc və onların məşqçi-müəllimləri şəhər icra hakimiyyətinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Sonda YAP Naftalan Şəhər Təşkilatına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.