CƏMİYYƏT
İkinci Fəxri xiyabanda şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsi anılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Qəhrəman kəşfiyyatçı Rəşad Quliyev hərbçi həyatının bütün məqamlarında qarşı tərəfdə vahimə yaşatması ilə seçilib. Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıq, şəxsi rəşadət və şücaət nümunələri göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 7-də şəhid polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin vəfatının ildönümü ilə bağlı İkinci Fəxri xiyabanda keçirilən anım mərasimində səsləndirilib.
Tədbirdə Xətai və Yasamal rayon icra hakimiyyətlərinin rəsmiləri, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və ailə üzvləri, hərbi qulluqçular, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə şəhidin döyüş yolu barədə məlumat verilib. Eyni zamanda, sentyabrın 27-dən Vətən müharibəsi şəhidlərinin Anım Gününün keçirildiyi, həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təşkil edilən yürüş xatırlanıb.
Suraxanı RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsinin qazisi, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxışında bildirib: “Dayandığımız yer yüz il əvvəl şəhidlər üçün ünvan olub, bu gün də Polad Həşimov, İlqar Mirzəyev, Rəşad Quliyev və yüzlərlə belə qəhrəman üçün son mənzildir”.
Şəhid Rəşad Quliyevin silahdaşları Rəsul Əsədzadə, Qüdrət Əliyev, Vüqar Nəsirov, Rauf Salayev və başqaları yaddaşlarına cəsur döyüşçü, istedadlı komandir kimi əbədi həkk olunan qəhrəman barədə xatirələrini bölüşüblər.
Rəşad Quliyevin anası Mətanət Quliyeva oğlunun atasının vəsiyyəti ilə hərbçi sənətini seçdiyini deyib. 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirəndən sonra Azərbaycan Ordusunda xidmətə başlayan Rəşad Quliyevin motoatıcı taqımın komandiri vəzifəsindən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin baş zabiti vəzifəsinə və “polkovnik-leytenant” hərbi rütbəsinədək yüksəldiyini söyləyib.
Bildirilib ki, Vətən müharibəsinin ilk günündən döyüş meydanına atılan tabor komandiri Rəşad Quliyev tabeliyində olan igid döyüşçülərlə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsində əsl qəhrəmanlıq, şəxsi rəşadət və şücaət nümunələri göstərib.
Qeyd edək ki, Rəşad Quliyev 2020-ci il oktyabrın 7-də Cəbrayıl şəhəri uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.