İQTİSADİYYAT
İl ərzində respublikada 25 körpü istifadəyə verilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Ötən il respublikada avtomobil yollarının və körpülərin saxlanılması, təmiri, bərpası və tikilməsi sahəsində 180 milyon manatlıq iş görülmüş, ümumi istifadədə olan avtomobil yollarının 537,2 kilometri tikilmiş və ya təmir olunmuşdur.
AZƏRTAC “Azəryol.az” saytına istinadla xəbər verir ki, bunlardan 134,6 kilometri respublika əhəmiyyətli, 402,6 kilometri isə yerli əhəmiyyətli yollardır. İl ərzində 25 körpü istismara verilmişdir.
Eyni zamanda, Bakı - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 89-cu kilometrində yolötürücüsünün, Qusar-Əniğ-Ləzə avtomobil yolunda 7 körpünün, Qorağan-Qax-Zaqatala avtomobil yolunun 22-ci kilometrində Ləkitçayı, Balakən rayonu ərazisində Qabaqçöl və Meşəşambul kəndlərini birləşdirən yolda Mazımçay, İsmayıllı rayonu ərazisində Sumağallı Qalacıq yolunun 7-ci kilometrində Qalacıqçay və Saatlı–Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində körpülər istismara verilmişdir.
Bununla yanaşı, Masallı rayonu ərazisində Tatyan-Yelağac avtomobil yolunun Tatyan çayı və Tüklə-Məmmədoba avtomobil yolunun 4-cü kilometrində Tüklə çayı, Lənkəran rayonu ərazisində Daşdatük-Biləsər yolunun 17-ci kilometrində, Osaküçə-Günəhir avtomobil yolunun 7, 13 və 14-cü kilometrlərində və Tükəvilə - Köhnə Gəgiran avtomobil yolunun 7-ci kilometrində Veravul çayı üzərində körpülərin tikintisi başa çatdırılmışdır.