DÜNYA
İndoneziya sunaminin vurduğu zərəri aradan qaldırmaq üçün beynəlxalq yardımı qəbul etməyəcək
Tokio, 25 dekabr, AZƏRTAC
İndoneziya sunaminin Sumatra və Yava adalarına vurduğu zərəri aradan qaldırmaq üçün beynəlxalq yardımı qəbul etməyəcək.
AZƏRTAC Detik portalına istinadla xəbər verir ki, bu barədə dekabrın 25-də Cakartada təşkil edilən mətbuat konfransında Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib.
“Hesab edirik ki, bir sıra ölkələrin yardım təklif etməsinə baxmayaraq, biz təbii fəlakətin nəticələrini özümüz aradan qaldırmağa qadirik”, - deyə rəsmi nümayəndə bildirib. Onun sözlərinə görə, baş vermiş təbii fəlakətə ümummilli statusu verilməyib və onun nəticələrini aradan qaldırmaq əsasən, regional hakimiyyət orqanlarına tapşırılıb. Bununla yanaşı, mərkəzi hökumət də lazım olan köməyi göstərəcək.
Təbii fəlakət nəticəsində dəyən iqtisadi zərərə gəlincə, hazırda onun hesablanması gedir. Agentliyin nümayəndəsinin bildirdiyinə görə, sunaminin vurduğu ziyanın sentyabrın sonlarında Sulavesi adasında baş verən zəlzələdən az olacağı artıq məlumdur. Həmin vaxt ümumilikdə dəyən zərər 1 milyard dollar təşkil etmişdi.
Xatırladaq ki, Avstraliya, Malayziya və Sinqapur sunaminin vurduğu zərərin nəticələrinin aradan qaldırılması üçün yardım təklif ediblər. Son məlumatlara görə, təbii fəlakət nəticəsində Banten və Lampunq əyalətlərində 429 nəfər həlak olub, 150 nəfər itkin düşüb və 1400 nəfər müxtəlif xəsarətlər alıb. Bundan əlavə, 16 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio