DÜNYA
İndoneziyada COVID-19 virusuna gündəlik yoluxma rekord həddə çatıb
Tokio, 27 iyun, AZƏRTAC
İndoneziyada COVID-19-a gündəlik yoluxma rekord həddə çatıb. İyunun 26-da bu ölkə üzrə maksimum səviyyədə gündəlik yoluxma qeydə alınıb.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu, bütün Cənub-Şərqi Asiyada qeydə alınan ən yüksək gündəlik yoluxma sayıdır. Bildirilir ki, bu ölkədə koronavirusa gündəlik yoluxma təqribən 2400-ə ensə də, iyunun əvvəllərindən başlayaraq artıb və şənbə günü 21 min 95 nəfərə çatıb.
İndoneziya hökuməti yoluxmanın belə sürətlə artmasının səbəbini Ramazan bayramından başlayaraq intensivləşən səfərlərlə izah edir. Qeyd olunur ki, virusun Hindistanda ilk dəfə aşkar edilən “Delta” variantı İndoneziyada da yayılmaqdadır.
Həmçinin vurğulanır ki, ölkənin səhiyyə sistemi böyük gərginlik yaşayır. Paytaxt Cakartada COVID-19 xəstələri üçün xəstəxanalardakı yataqların 90 faizi doludur. Qonşuluqdakı Qərbi Yava əyalətində xəstəxanalardakı yataqlar tam dolu olduğuna görə, xəstələr yaxınlıqda quraşdırılmış müvəqqəti çadırlarda müalicə alırlar.
Hökumət xəstəliyin yayılmasının qarşısının alınması və pasiyentlərin müalicəsinin təşkili üçün bütün ehtiyat qüvvələri səfərbər etməyə çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio